Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda südlük və ətlik istiqamətli aqropark yaradılır

08.08.2017

Cəlilabad Rayon İcra Hakimiyyətinin geniş şura iclasında 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ilin altı ayında Cəlilabadda görülən işlərdən danışıb.

Bildirilib ki, bu dövrdə rayonda tikinti-abadlıq işləri davam etdirilib. Cəlilabad şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində su şəbəkəsi üzrə işlərin 98,9 faizi, su magistral xətti üzrə 99 faizi, kanalizasiya şəbəkəsi üzrə isə 97,8 faizi başa çatdırılıb.

Çoxmərtəbəli yaşayış binalarının dam örtüyü dəyişdirilib, Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evlərinin inşası tamamlanıb.

Aqrara sektorda da uğurlu nəticələr var. Belə ki, əlverişsiz hava şəraitinə baxmayaraq, bitkiçilikdə yüksək məhsuldarlığa nail olunub. Rayonda 160,5 min ton buğda, 13,4 min ton arpa, 4,8 min ton vələmir, 8,7 min ton noxud, 1,2 min ton mərci və 98,2 min ton çiyələk istehsal edilib. Həmçinin 4200 hektar sahədən 96,2 min ton kartof yığılıb. Kartofun 56,7 min tonu xarici ölkələrə satılıb. Bu, ötən illə müqayisədə 48 faiz çoxdur. Rayon üzümçüləri isə 1507 hektar sahədə yetişdirdikləri məhsulun satışına başlayıblar.

Ötən il rayonda 426 hektar sahədən 798 ton pambıq istehsal edilib. Bu il pambıq əkini 500 hektara çatdırılıb. Hazırda sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür. Rayonda kənd təsərrüfatının mühüm sahələrindən olan baramaçılığın inkişafına da diqqət artırılıb. Bu məqsədlə Təzəkənd kəndində 10 min ədəd tut tingi əkilib. Bu il kümçülər tərəfindən 243 kiloqram barama istehsal edilib.

Qeyd olunub ki, Günəşli kəndində müasir tələblərə cavab verən aqroparkın tikintisində son tamamlama işləri görülür. Burada 500 baş südlük, 2500 baş ətlik istiqamətli iribuynuzlu mal-qaranın saxlanılması nəzərdə tutulub. İlkin mərhələdə 262 baş südlük istiqamətli cins inək gətirilib. Heyvandarlıq kompleksi tam fəaliyyətə başladıqdan sonra gündəlik 15 min litr süd istehsal edilməklə, 100-dən çox işçi işlə təmin olunacaq. Ümumiyyətlə, xaricdən rayona lizinq yolu ilə 265 baş cins düyə gətirilib, ilin sonuna kimi daha 238 baş düyənin gətirilməsi nəzərdə tutulub.

Rayonda kənd təsərrüfatı məhsulları istehsalı və toxumçuluqla məşğul olan “Qreen fired-KT” MMC fəaliyyətə başlayıb. Hazırda paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması, paketlənməsi zavodunun tikintisi davam etdirilir. Sifarişçisi rayonda fəaliyyət göstərən “Avanqard” MMC olan layihənin ilkin smeta dəyəri 1,65 milyon manatdır. Gündəlik istehsal gücü 10 ton olmaqla müəssisədə 50 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağlarının istehsalı müəssisəsinin tikintisində isə son tamamlama işləri görülür. Müəssisəni xammalla təmin etmək üçün 70 hektar ərazidə günəbaxan əkilib.

Hesabat yığıncağında çıxış edənlər ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlardan danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.