Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İllərin sınağından üzüağ çıxmış Azərbaycan dili

01.08.2024

Avqustun 1-də Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə "1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü"nə həsr olunan "İllərin sınağından üzüağ çıxmış Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Yardımlı RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə müdiri Ayaz Əliyev, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əfsanə Məmmədova əlamətdar günün yaranma tarixindən söz açaraq qeyd edib ki, bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür.

Sonra Ayaz Əliyev mövzu ilə bağlı geniş məruzə edib: "Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də dözümlüyü və zənginliyi, ahəngdarlığı və rəngarəngliyi, axıcılığı və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir.Tarixin müxtəlif dönəmlərində amansız və sərt sınaqlarla üzləşən, bu sınaqlardan üzüağ və şərəflə çıxan dilimiz zaman-zaman cilalanaraq daha da saflaşmış, zənginləşmiş və uzun bir inkişaf yolu keçmişdir.

Daha sonra Anzov kənd orta məktəbinin direktoru Malik Balaşov, qeyd olunan məktəbin müəllimi Mərdan Dadaşlı və Bozayran kənd orta məktəbinin müəllimi Xəqani Paşayevin çıxışlarında tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn dilimiz - Azərbaycan dili haqqında və Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dönəmində ana dilimizə göstərdiyi diqqət və qayğıdan ətraflı şəkildə bəhs ediblər.