Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Milli Qurtuluş Gününə həsr olunan seminar keçirilib

14.06.2024

 Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir”mövzusunda elmi seminar keçirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, AMEA Lənkəran Regional Elmi Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda təşkilatçı müəssisələrin əməkdaşları iştirak edib.

Dövlət Himninin səsləndiriməsilə başlayan seminarda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Seminarı giriş sözü ilə mərkəzin direktoru Reyhanə Sadıxova açaraq Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Sonra Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Qaraxan oğlu Əliyev 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin xilaskarlıq missiyasından, vətəndaş müharibəsinin qarşısının alınmasından söz açıb. Sonra AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının yaxın və orta Şərq diplomatiyası”, Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Cənub bölgəsinin inkişafı”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin əməkdaşı Emin Həmidli “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu”, AMEA Lənkəran REM-nin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür”, Bəlləbur kənd tam orta məktəbinin direktor müavini Əlisəfa Bünyatzadənin “15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən Zəfər tarixidir” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, qədirbilən xalqımız Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur.

Yekunda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.