Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seyfulla Əsədullayev-100

20.06.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Əməkdar elm xadimi Seyfulla Əsədullayevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Seyfulla Əsədullayev-100” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki,Seyfulla Əsədullayev 19 iyun 1924-cü ildə Astara rayonunun Ərçivan kəndində anadan olub. Doğma kəndində orta məktəbi bitirdikdən sonra Şuvi kəndinin orta məktəbində müəllim işləmişdir. 1942-1945-ci illərdə Böyük Vətən müharibəsində döyüşüb. Astara rayonunda orta məktəb müəllimi, həmçinin məktəb internatının müdiri işləmişdir. M.F.Axundov adına Rus dili və Ədəbiyyat Pedaqoji İnstitutu, Azərbaycan Dövlət Pedaqoji İnstitutu və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində ali təhsil alıb. Filologiya elmləri doktoru, professor S.Əsədullayev ali məktəblərdə müəllim fəaliyyəti ilə yanaşı bir çox məsul vəzifələrdə də çalışmışdır.

Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov məruzəsində diqqətə çatdırıb ki, Seyfulla Əsədullayevin monoqrafiyalarında və məqalələrində sosialist realizmi tarixi, Azərbaycan poeziyasında sonet janrı, ümummilli lider Heydər Əliyev və ədəbi proses, müasir ədəbiyyatşünaslığın metodoloji problemləri, rus klassiklərinin əsərlərində şərq motivləri və s. mövzuların tədqiqi yer tutur. O, dünyanın bir çox şəhərlərində 50-dən çox beynəlxalq simpozium,konfrans və konqresslərdə çıxış edib. 500-dən çox ədəbi-nəzəri və ədəbi-tənqidi məqalələrin, 20 monoqrafiya və 2 kitabın müəllifidir. Qeyd olunub ki, Seyfulla Əsədullayev “Əməkdar elm xadimi”, ”Böyük Vətən müharibəsi”, ”Xalqlar dostluğu”, “Şöhrət” ordenləri, 12 medal və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülüb.Seyfulla Əsədullayev 2011-ci ildə vəfat edib.