24.06.2024
Astara rayon Heydər Əliyev Mərkəzində Ombudsmanın Cənub Regional Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin, Astara rayon İcra Hakimiyətinin, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatı, Astara Pedaqoji Kollecinin, Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Astara rayon Mərkəzi Kitabxanasının əməkdaşlarının, M.Ə.Sabir adına şəhər 1 saylı, F.Əliyarov adına şəhər 6 saylı tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Onun yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional, əməli-praktiki tədbirlər həyata keçirilmiş və narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter almışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamıdır.
Daha sonra mövzu ətrafında Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev cıxış edib.
Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablar və Rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxmış keçiriblər.