07.05.2024
Masallı rayon Mərkəzi Kitabxanasında müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan xalqının xilaskarı” adlı tədbir keçirilib.
Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, dahi lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır.
Sonra kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzəsində vurğulayıb ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər Heydər Əliyev bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Ulu öndərin rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından məharətlə çıxararaq qoruyub saxlamışdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun onun layiqli varisi İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizin gələcəkdə də inkişafının möhkəm təminatıdır.