03.05.2024
Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Famil Əlizadənin doğum gününə həsr olunmuş “Şəhidlər unudulmur” adlı tədbir keçirilib.
Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki,2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev xalqımıza müraciət edərək 44 gün davam edən Vətən müharibəsində “Dəmir Yumruq” əməliyyatının uğurla başa çatdığını və uzun illər həsrətində olduğumuz şanlı qələbəmizin müjdəsini verdi. Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisə və möhtəşəm gün kimi XXl yüzillikdə bütün dünya azərbaycanlılarının qəlbinə həkk olundu.
Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində vurğulayıb ki, sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın hər yerində olduğu kimi Masallı rayonunda da əli silah tutan mərd oğullar ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Müharibədə iştirak edənlər Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar. Qeyd olunub ki, belə qəhrəman oğullarımızdan biri də Vətən müharibəsi şəhidi Famil Əlizadə olmuşdur. Famil Əlizadə 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı silaha sarılmış, oktyabrın 21-də Füzuli uğrunda döyüşlərdə şəhid olmuşdur. Famil Habil oğlu Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.