04.05.2024
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Abbas Səhhətin anadan olmasının 150 illiyi ilə əlaqədar “Abbas Səhhət - 150” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Esmira Ağarzayeva bildirib ki, Abbas Səhhət Azərbaycan ədəbiyyatında romantizm cərəyanın nümayəndəsi, ən fəal maarif və mədəniyyət xadimlərindən biri olmuşdur.
Sonra kitabxananın digər əməkdaşı Günəş Ağayeva məruzəsində vurğulayıb ki, Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açmışdır. Qeyd olunub ki, 1900-cu ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və bir neçə xarici dili mükəmməl bilən Abbas Səhhət 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyib. 1903-cü ildən onun məqalələrinin “Şərqi-rus” qəzetində çap olunduğunu diqqətə çatdırıb. 1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz”, “Qərb günəşi” şeirlər toplusu, “Əhmədin şücaəti”, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adlı poeması nəşr olunub. O,uşaqlar üçün “Ana və bala”, Ayı və şir”, “Yay” və onlarla başqa şeirlər yazıb. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan yazıçı rus şair və yazıçılarının bir çox əsərlərini dilimizə tərcümə etmişdir.