26.04.2024
Masallı Tarix - Diyarşünaslıq Muzeyində “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
“Baramaçılıq və ipəkçiliyin dünəni və bu günü” adlı tədbirdə Masallı rayon Tibb məktəbinin tələbələri iştirak ediblər.
Əvvəlcə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru Əntiqə Tağıyeva tələbələrə mövzu ilə bağlı məruzə edib. Ə. Tağıyeva rayonumuzda barama istehsalının qədim tarixə söykənən ənənələrindən, bu sahədə keçən əsrdə uğur qazanan rayon zəhmətkeşlərindən, eyni zamanda baramaçılıq və ipəkçilik sahəsində istifadə olunan alətlərdən nümunələr göstərərək iştirakçılara geniş məlumatlar verib.
Sonra çıxış edən Tibb məktəbinin rəhbəri Alxas Şahverdiyev, müəllim Kamal Qasımov vurğulayıblar ki, son illərdə ölkə başçısının baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamların bu sahənin yenidən inkişafına şərait yaradıb.
Yekunda tədbir iştirakçıları muzeyə ekskursiya ediblər.