26.04.2024
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Bayraməli Abbaszadənin anadan olmasının 155 illiyi ilə əlaqədar olaraq “Bayraməli Abbaszadə - 155” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Bayraməli Abbaszadə 1869-cu ildə Cənubi Azərbaycanın Sərab mahalının Dünni kəndində rəncbər ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini kənd mollaxanasında almış, ilk satirik şeirini “Mirzə Gülzar”, “Gülzari – Sərabi” imzaları ilə yazmışdır.
Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzəsində bildirib ki, şair XX əsrin əvvəllərində Sərabdan Bakıya köçərək burada “Qafqaz Merkurisi” körpüsündə liman fəhləsi kimi çalışır. O, ilk publisistik yazısını “Molla Nəsrəddin” səhifələrində “hambal” ləqəbi ilə çap etdirir. Bayraməli Abbaszadə Təbriz dövri mətbuatında “Azərbaycan”, “Müsavat”, “İstiqlal” və s. qəzet və jurnallarda öz şeirlərini dərc etdirir. Çıxışçı onun 1909-cu ildə yenidən Bakıya qayıtdığını və “Tazə həyat”, “İttifaq”, “Zənbur” və s. qəzetlərində şeirlərini dərc etdirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Bayraməli Abbaszadə ədəbi dərnəklərdə fəal fəaliyyət göstərmiş, “Qızıl Qələmlər” cəmiyyətinin üzvü olmuşdur. O, 1926-cı ildə Bakıda vəfat etmişdir. 1970-ci ilin payızında şairin anadan olmasının 100 illik yubileyi təntənə ilə keçirilmişdir.