Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şərqin ədəbi dühası Füzuli

12.04.2024

Aprelin 12-də Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar “Şərqin ədəbi dühası Füzuli” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azad olunması uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Məhəmməd Füzuli çoxcəhətli yaradıcılığında böyük bir üstünlüyü lirikaya vermişdir. Qeyd olunub ki,böyük sənətkar öz bədii yaradıcılığının əsas məqsədini və mənasını məhəbbətin qüdrətini, insanın gözəlliyini, onun eşq və həyat iztirablarını tərənnüm etməkdə görmüşdür.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində diqqətə çatdırıb ki, Füzulinin lirikasında insan, onun əzəmətli, parlaq camalı təbiətdə olan bütün varlıqlardan üstün, qiymətli göstərilmişdir. Doğma Azərbaycan dilinə üstünlük verən, ən mühüm əsərlərini bu dildə yazan şair üç dildə yüksək sənət nümunələri yaratmışdır. Onun ədəbi irsindən azərbaycanca, farsca “Divan”ı, azərbaycanca, farsca, ərəbcə qəsidələrdən ibarət “Divan”ı, “Leyli və Məcnun” aşiqanə romantik poeması, “Bəngü Badə”, “Həft cam” (Yeddi cam) alleqorik poemaları, “Şikayətnamə” də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, “Rindü Zahid” adlı farsca yazılmış alleqorik, ictimai-fəlsəfi nəsr əsərləri, “Hədiqətüs-sühəda” kimi türkcə nəsr əsəri, “Hədisi-ərbəin” tərcüməsi, “Mətləül-etiqad” kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri daxildir. Məhəmməd Füzulinin əsərləri təkcə Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin dünyanı heyrətə salmağa qadir olan dühasının, ağlının, adi insan idrakının qavramayacağı duyğular aləminin ölməzlik və əbədiyyət heykəlidir.