Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Klassik irsimizin Mirzə Şəfi Vazeh zirvəsi

27.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyi  münasibətilə  “Klassik irsimizin Mirzə Şəfi Vazeh zirvəsi” adlı tədbir keçirilib. Tədbir başlamazdan öncə torpaqlarımızın azad olunması uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Mirzə Şəfi Vazeh Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin inkişafında mühüm xidmətlər göstərmişdir.  Gəncədə anadan olmuş, gimnaziyada oxumuş, mükəmməl təhsil almışdır. Mirzə Şəfi gənc yaşlarından gözəl şeirlər yazmış, tezliklə tanınmış, şöhrətlənmişdir.

Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzəsində tanınmış şairin yaradıcılığından bəhs edən məruzə ilə çıxış edib. O, vurğulayıb ki, Mirzə Şəfi Vazeh zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirmişdir. Əsərlərini Azərbaycan və fars dillərində yazan M.Ş.Vazeh əsasən lirik şeirlər qələmə almışdır. Şeirlərində gözəllik, dünya nemətləri tərənnüm olunur, məhəbbət dini etiqada qarşı qoyulur. Vazehin dini ehkam, zahidlik, həmçinin istibdad əleyhinə şeirləri məlumdur.Qeyd olunub ki, bütün bunlarla yanaşı pedaqoji fəaliyyətlə məşğul olmuş Mirzə Şəfi Vazeh Azərbaycan dilində ilk dərs vəsaitinin müəllifi və  "Divani-hikmət" ədəbi-fəlsəfi məclisinin təsisçisi kimi xalqın maariflənməsində əvəzsiz rol oynamışdır.