Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixdə iz qoyanlar

12.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin anadan olmasının 120 illiyi ilə əlaqədar “Tarixdə iz qoyanlar” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, XX əsrdə görkəmli nasir kimi tanınmış Əbülhəsən Ələkbərzadə, ötən əsrdə Azərbaycan sovet romanının yaxşı nümunələrini yaratmışdır. Qeyd olunub ki, 40 ildən artıq bədii yaradıcılığı ilə cəmiyyətə xidmət etmiş nasir bu müddətdə, hər şeydən əvvəl, həqiqəti yazan, həmişə tərəqqi meyllərini, müasirliyi müdafiə edən bir yazıçı kimi tanınmışdır. 

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində görkəmli yazıçı Ə.Ələkbərzadənin xalq həyatı, xalq taleyi ilə möhkəm bağlı olan sənətkarlardan olduğunu diqqətə çatdırıb. Bildirib ki, yazıçının bütün hekayə, povest və romanlarını bir-birinin ardınca düzmüş olsaq, xalqımızın ictimai həyatının çox xarakterik, tipik lövhələri gözümüzün önündə canlanar. Vurğulanıb ki, qələbədən sonra müharibə haqqında bilavasitə döyüş səhnələrini göstərən ilk Azərbaycan romanını da “Dostluq qalası” adı ilə Əbülhəsən yaradıb.

“Dostluq qalası” əsəri, hər şeydən əvvəl, belə cəsur, fədakar oğulların və qızların romanı idi. Əbülhəsənin“Tamaşa qarının nəvələri”, “Tərs adamlar” adlı povestlərində və bir sıra hekayələrində gənc nəslin vətənpərvərlik, insanpərvərlik, əməyə məhəbbət və yüksək əxlaqilik ruhunda tərbiyəsi məsələsi başlıca mövzu idi.