22.02.2024
Masallı Tarix- Diyarşünaslıq Muzeyində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq tədbir keçirilib.
“Təmiz ətraf mühit və biz” başlığı altında keçirilən tədbirdə Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Muzeyin elmi işçisi Dilgüşə Məmmədova mövzu ilə bağlı çıxış edərək 30 illik işğal dövründə Qarabağ ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri , yüz minlərlə əhalinin təhlükə altında qalması nəticəsində Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdən geniş danışıb. O, qeyd edib ki, “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmiş Azərbaycanda bu gün ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində dövlət tərəfindən böyük işlər aparılır. Eyni zamanda Dilgüşə Məmmədova yeniyetmələrə sağlam həyat naminə ətraf mühitin qorunması ilə bağlı tövsiyələrini verib.
Yekunda şagirdlərin muzeyə ekskursiyası təşkil olunub.