Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Firəngiz Şərifova-100

06.02.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti Firəngiz Şərifovanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, milli teatr səhnəsində yaratdığı müxtəlif səpkili rollarla tamaşaçı yaddaşında əbədiləşən sənətkarlarımızdan biri də Xalq artisti Firəngiz Şərifova olub. Görkəmli sənətkar dramatik təbiəti, əlvanlığı ilə seçilən ifa tərzi ilə gənc tamaşaçıların bədii zövqünün formalaşmasına və vətənpərvərlik ruhunda tərbiyəsinə layiqli töhfələr verib. 

Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzə ilə çıxış edərək, məşhur sənətkarın həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, F. Şərifova 1941-ci ildə Üzeyir Hacıbəylinin məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət Konservatoriyasının Vokal fakültəsinə verir. 1947-ci ildə təhsilini uğurla başa vurduqdan sonra təyinatı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilir. Teatr səhnəsində Gülçöhrə (“Arşın mal alan”), Durna (“Durna”), Ulduz (“Ulduz”), Keto (“Keto və Kote”), Bayadera (“Bayadera”) və s. maraqlı obrazlara səhnə həyatı verir. Məruzəçi qeyd edib ki, Firəngiz Şərifova istedadını kinoda da sınamışdır. Belə ki, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qaraca qız”da Yasəmən, “Bir ailəlik bağ evi”ndə Ana, “Bayquş gələndə” filmində Nənə, “Qərib cinlər diyarında” ekran əsərində isə Tükəz və s. obrazları canlandırıb.