Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müasir Azərbaycanın inkişafında gənclərin rolu

01.02.2024

Fevralın 1-də Masallı rayon Heydər Əliyev Mərkəzində 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayonda fəaliyyət göstərən ”Ziyalı kompüter kursu”nun fəal gəncləri və mədəniyyət işçiləri iştirak edib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev tərəfindən bu siyasət, dövrün tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilərək uğurla davam etdirilir. D.İbayeva çıxışına davam edərək Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərdiyini, müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etdiklərini bildirib.

Sonra Mərkəzdə fəaliyyət göstərən MKS-nin Qodman kənd kitabxana filianın müdiri Sevanə Mənsimova, Ziyalı kompüter kursunun müəllimi Könül Rəsulova ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildiriblər. Bütün bunların isə, əlbəttə, Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz olduğunu vurğulayıblar.

Yekunda rayonun fəal gəncləri də çıxış edərək əlamətdar gün münasibətilə bütün gəncləri təbrik ediblər.