Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məhəmməd Əmin Rəsulzadə-140

31.01.2024

Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və ilk banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş söz ilə açan kitabxananın əməkdaşı Rəşad İsmayılov Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və  milli istiqlal hərəkatında misilsiz rolundan bəhs edib. O, çıxışında Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində demokratik dövlət quruculuğu istiqamətində gördüyü böyük işlərdən və nailiyyətlərindən danışıb, hazırda özünü ilk demokratik respublikanın  siyasi və hüquqi varisi elan etmiş  müstəqil Azərbaycan Respublikası üçün model olduğunu vurğulayıb.

Sonra məruzə ilə çxış edən  kitabxananın əməkdaşı Günəş Ağayeva qeyd edib ki, Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Rəsulzadə irsinə və Cümhuriyyət dəyərlərinə böyük önəm verdiyini göstərir. Muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə Rəsulzadənin çar Rusiyası dövründə milli istiqlal ideyasının gerçəkləşməsi uğrunda  fəaliyyəti və mühacirətdə yaşadığı zamanlarda  bolşevik rejimi-kommunist ideologiyasına qarşı apardığı prinsipial mübarizəsi haqqında tədbir iştirakçlarına məlumat verib.