Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda görkəmli sərkərdə Həzi Aslanovun xatirəsi anılıb

24.01.2024

Müdafiə Nazirliyi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, müharibə veteranları, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri, eləcə də əfsanəvi sərkərdənin ailə üzvləri Lənkəran şəhərindəki Həzi Aslanov adına Xatirə parkını ziyarət edib, unudulmaz qəhrəmanın abidəsi önünə əkil qoyub, qərənfillər düzüb və xatirəsini ehtiramla yad ediblər.

Həzi Aslanov haqqında bir neçə kitabın və səhnə əsərinin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və şanlı döyüş yolu barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, Həzi Aslanov Ümummilli Lider Heydər Əliyevin yüksək dəyər verdiyi sevimli qəhrəmanlardandır. Ulu Öndər hələ otuz il öncə indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanovun abidəsinin açılışına həsr olunmuş təntənəli mərasimdə demişdi: “Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır. Həzi Aslanovun həyat yolu, qəhrəmanlığı, İkinci Dünya müharibəsində xidmətləri bütün Azərbaycan gənclər üçün örnəkdir”.

Nəzərə çatdırılıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün başladığı Vətən müharibəsindən bir neçə ay öncə Azərbaycan Prezidenti Həzi Aslanovun 110 illiyi ilə bağlı Sərəncam verməsi heç də təsadüfi deyildi. Bu Sərəncam Azərbaycan əsgərini işğal altında olan torpaqları azad etmək üçün hər an müqəddəs savaşlara hazır olmağa çağırırdı. Vətən müharibəsində digər qoşun növlərində xidmət edən hərbi qulluqçularımız kimi Həzi Aslanovun davamçıları olan tankçılarımız da “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” deyib döyüş meydanlarına atılaraq Zəfər dastanı yazdılar.

Tədbir iştirakçıları, eyni zamanda, Həzi Aslanovun ev muzeyi ziyarət ediblər. Həzi Aslanovun 114 il əvvəl dünyaya göz açdığı indiki muzeyin geniş ekspozisiya salonlarında nümayiş etdirilən hər bir xatirə əşyası və digər eksponatlar barədə ətraflı məlumat verilib.

Nəvə Həzi Aslanov ata və əmisindən, nənəsi Xavər xanımdan eşitdiklərini bir daha xatırlayıb, Ulu Öndər Heydər Əliyevlə görüşlərini yada salıb.

Lənkəran şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Əlimərdan Əliyev, şəhid Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, hərbi qulluqçu Rüstəm Əliyev və başqaları çıxış edərək ölkəmizdə ata-babaların qəhrəmanlıq ənənələrinin uğurla davam etdirilməsindən, qazanılan böyük Qələbədən, Xankəndi şəhərində keçirilən möhtəşəm hərbi paraddan, Azərbaycan Ordusunun rəşadətindən, ordu ilə xalqın birliyindən, həmrəyliyindən, hərb tariximizin təbliği məqsədilə həyat keçirilən tədbirlərdən bəhs ediblər.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı “Həzilər yurdunun qəhrəmanları” və Lənkəran şəhər musiqi məktəbinin təqdim etdiyi musiqi kompozisiyası maraqla qarşılanıb.

Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun ifa etdiyi “Böyük Zəfər” marşı ilə mərasim başa çatıb.