Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”20 Yanvar: Qürur və şərəf tariximiz!” adlı tədbir keçirilib

18.01.2024

Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə 20 yanvar hadisələrinin 34-cü il dönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev və digər müəssisə, idarə və təşkilatların rəhbərləri, əməkdaşları iştirak edib.

İlk olaraq faciə qurbanlarının və  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə xalqımıza qarşı törədilən dəhşətli cinayət faktı olan 20 yanvar hadisələri barədə məlumat verib. Z.Məmmədzadə bu faciənin gənc nəslə ötürülməsinin vacibliyindən, ilk dəfə olaraq Ümummilli liderimizin qətiyyəti sayəsində bu qətliamın hüquqi və siyasi qiymət almasından bəhs edib.

Sonra Ayaz Əliyev və Əfsanə Məmmədova mövzu barədə geniş məlumat veriblər. Natiqlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 34 il ötdüyünü, XX əsrdə törədilmiş ən qanlı hadisələr arasında 20 Yanvar tarixində Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayət faktının olduğunu, qanlı hadisələrdən bu qədər müddət keçməsinə baxmayaraq, xalqımızın o müdhiş günlərin acısını unutmadığını, daima xatırlayacağını, bu faktların gənc nəslə ötürülməsinin əhəmiyyətindən söz açıblar. Çıxışçılar həmçinin xalqına sevgisini növbəti dəfə nümayiş etdirən Heydər Əliyevin həyatını riskə ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etdiyini, Ulu Öndərin baş verənləri qanunsuz, demokratiyaya yad, ölkədə humanizm, hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd hesab edərək blokadaya məqsədli şəkildə salınmış Azərbaycanın səsini dünyaya çatdırdığını vurğulayıblar.

Daha sonra Yardımlı şəhər Kitabxanasının müdiri Eldəniz Həsənov faciə barədə xatirələrini bölüşüb.

Qanlı tariximizi əks etdirən "Danışan talelər" sənədli filmi nümayiş olunduqdan və "Qanlı Yanvar" başlıqlı sərgiyə baxış keçirildikdən sonra tədbirə yekun vurulub.