Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar həqiqətləri

19.01.2024

 Lənkəran şəhər  Heydər Əliyev Mərkəzində mərkəzin və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı “20 Yanvar həqiqətləri” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova bildirib ki, 20 Yanvar-Ümumxalq Hüzn Günü Azərbaycan xalqının başına sovet  hökuməti tərəfindən gətirilmiş ən dəhşətli faciələrdən biri olmaqla bərəbər, həm də həmin Qanlı Yanvar hadisələrində şəhid olan qəhrəman oğul və qızlarımızın Azərbaycan xalqına bəxş etdiyi müstəqillik və azadlıq səhifəsidir. O, bildirdi ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Məhz Ümummilli Lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.

GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin direktoru Famil Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra  20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. 

Sonda Azərbaycanın qəhrəman övladlarının  34 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət və qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olunub.