Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan dünyam mənim

22.12.2023

Dekbarın 22-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə mərkəzdə Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunan "Azərbaycan dünyam mənim" adlı tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Reyhanə Sadıxova "Heydər Əliyev İli" ilə bağlı həyata keçirilən layihələr, tədbirlər haqqında məlumat verib. R. Sadıxova çıxışında qeyd edib ki, Xalq şairi Məmməd Arazın 90 illiyi ilə bağlı keçirilən bədii qiraət müsabiqəsinə bu gün yekun vurulacaq. 

Daha sonra çıxış edənlər AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli, şairə Xatirə Xatun,  Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun əməkdaşı Cəmil Axundzadə, Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Ağacəfər Fətullayev Xalq şairi Məmməd Arazın həyat və yaradıcılığından danışıb, onun poeziyasının Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan igidlərimizin ilham mənbəyi olduğunu, bu gün məktəblilərin, gənclərin əsl vətəndaş kimi formalaşmasında müstəsna rolu oynadığını bildiriblər. 

Tədbirdə rayon məktəblərinin qiraətçiləri şairin şeirlərini səsləndiriblər. Müsabiqədə qalib olan istedadlı şagirdlər Heydər Əliyev Mərkəzinin hədiyyə və fəxri diplomları ilə təltif olunublar.

Tədbir musiqi və rəqs nömrələri ilə davam edib.