Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət

11.12.2023

Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə RİH-nin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, aparatın şöbə müdirləri, Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi, Yardımlı rayon üzrə nümayəndə Ayaz Əliyev, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə, idarə-müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra RİH başçısının müavini Əfsanə Məmmədova çıxış edərək xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. Dahi rəhbərin adının Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğunu bildirib.

Dəyirmi masada Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə və digər natiqlər çıxış edərək Ulu Öndərimizin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi köklü islahatların miqyasına görə onilliklərin çərçivəsinə sığmadığını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyini və bu gün bu işlərin dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyini diqqətə çatdırıblar.