Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölümsüz qəhrəmanlar

01.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Ənvər Arazovun anadan olmasının 65 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, 2003-cü ilin dekabr ayının 1-də anadan olmasının 65 illiyi qeyd olunan Milli Qəhrəman Ənvər Arazov tarixi keçmişi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqının öz bağrından yetişdirdiyi igid və cəsur oğullarımızdan biri olub. O, çıxışında vurğulayıb ki, Qarabağ uğrunda döyüşlərdə böyük sərkərdə məharəti göstərib bu müqəddəs yolda şəhidlik mərtəbəsinə yüksələn Ənvər Arazovun şücaət və qəhrəmanlığı gələcək nəsillər üçün vətəni sevməyin ən bariz örnəyidir.      

Sonra məruzə ilə çxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova nəzərə çatdırıb ki, Ənvər Arazov 1992-ci ildə Gəncədə Daxili Qoşunların sıralarında hərbi xidmətə çağrılıb. Hərbi karyerasına şəhər ərazisində yerləşən hərbi hissədə alay komandirinin müavini kimi başlayıb, daha sonra Ağdərədə bu vəzifəni bir müddət davam etdirdikdən sonra güclü təşkilatçılıq qabiliyyəti və peşəkarlığına görə alay komandiri təyin olunub. Son dərəcə qayğıkeş, vətənpərvər komandir olan Ənvər Arazov döyüş əməliyyatlarında tabeçiliyində olan əsgərləri tək buraxmayıb, özü də onlarla bərabər ön sıralarda vuruşub.Ağdam rayonunun Sırxavənd döyüşlərində uğurlarına görə Milli Qəhrəman adına təqdimatı veriləndə Ənvər Arazov torpaqların işğal altında olmasını səbəb göstərərək fəxri adı almaqdan imtina edib.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Yekunda qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, xalqın birliyi və ordumuzun gücü ilə Qarabağın işğaldan azad olunması nəticəsində Ənvər Arazovun timsalında Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhu şad olub.