Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Torpaq Vətən olur

25.11.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə mərkəzdə “Kəlbəcər Şəhəri Günü” ilə əlaqədar şair Qulaməli Hüseynovun şəhidlərə həsr etdiyi "Torpaq Vətən olur" adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, yazıçı və jurnalistlər, bölgənin ağsaqqal və ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbiri giriş sözü ilə açan şair-dramaturq, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad şairin həyat və yaradıcılıq yolundan danışıb, həmçinin yeni nəşr olunmuş kitabı ilə bağlı fikirlərini bildirib.

Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova məruzə ilə çıxış edərək “Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, şair Q.Hüseynovun yeni nəşr kitabının və digər əsərlərinin cəmiyyətimizin saflaşmasında, gənclərin vətənpərvərlik, əxlaqi dəyərlərimizə yiyələnməsində böyük xidmətləri vardır. 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Tədbirdə şairin həyatından bəhs edən film nümayiş olunub.

Yekunda şair Q.Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.