Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib

26.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın, Ombudsmanın Cənub Regional Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bütün qurumlarda olduğu kimi, kitabxanada da, ənənəvi olaraq Uşaq hüquqları aylığı ilə bağlı müxtəlif səpkili tədbirlərin təşkil olunduğunu bildirib. O, bu mövzuda tədbirlərin uşaqların problemlərinə cəmiyyətin diqqətini cəlb etmək üçün böyük səmərə verməsindən söhbət açıb.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov diqqətə çatdırıb ki, Azərbaycanın 1992-ci ildə BMT-nin Uşaq hüquqları konvensiyasına qoşulduqdan sonra dövlətin uşaq hüquqlarının qorunması məqsədilə həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlər nəticəsində bu sahədə müsbət irəliləyişə nail olunub. O, çıxışında uşaq hüquqları ilə bağlı islahatlardan danışıb, Ombudsmanın uşaq hüquq və azadlıqlarının müdafiəsi istiqamətində geniş fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Z.İsmayılov cəmiyyətin hər bir üzvünün erkən nikah hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinə həssaslıqla yanaşmasının vacibliyini önə çəkib.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva uşaqların milli mentalitet və milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini, bununla yanaşı uşaqların tərbiyəsində valideynlərin üzərinə məsuliyyət düşdüyünü qeyd edib. O, uşaqların sosial şəbəkədən həddindən artıq istifadəsinə, zərərli vərdişlərdən və neqativ təsirlərdən qorunmasına cəmiyyətin və ailənin xüsusi rolunu vurğulayıb.

Sonra tədbirə qarşılıqlı müzakirələrin aparılması ilə yekun vurulub.