Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda yazıçı-publisist Dilşad Nüstətqızı ilə görüş keçirilib

24.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Dilşad Nüstətqızı ilə görüş keçirilib.

Görüşdə rayon yazarları, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri, oxucular iştirak ediblər.

Rayon Mərkəzi Kitabxanası və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir öncəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov qeyd edib ki, oxucularımızın ən çox sevdikləri yazarlarla hər görüşü onların yaddaşında dərin iz qoyur. Bu mənada yazıçı Dilşad Nüsrətqızının əsərləri bu gün aktuallığı ilə geniş oxucu kütləsinin diqqətini cəlb edir.  

Z.Məmmədov yeni nəslin mütaliə vərdişlərini inkişaf etdirmək, onlarda ədəbiyyata, poeziyaya marağı gücləndirmək məqsədilə bu cür tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini diqqətə çatdırıb.

Sonra yazıçının həyatı və ədəbi fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Dilşad Nüsrətqızı (Kərimli Dilşad Nüsrət qızı) 1951-ci ildə Masallı rayonunun Qızılağac kəndində, rayonun tanınmış pedaqoqlarından sayılan Nüsrət Kərimovun ailəsində dünyaya göz açıb. 

1968-ci ildə kənddəki orta məktəbi bitirdikdən sonra iki il həmin məktəbdə şagird təşkilatının rəhbəri işləyib. 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (keçmiş APİ-nin) filiologiya fakültəsini bitirib. Doğma təhsil ocağında – Qızılağac kənd 1 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Ömrünün 50 ildən çoxunu pedaqoji cəbhədə keçirib. 

İlk bədii yaradıcılıq nümunələrini orta məktəb illərində yazıb. Dövrü mətbuatda hekayə, şeir, esseləri ilə mütəmadi olaraq çıxış edib. 2011-ci ildə “Masallının söz çələngi” kitabında “Arifə bir işarə” və “Mənim dostum, yaxud sənət fədaisi” adlı satirik hekayələri nəşr olunub. Qələmini bir neçə janrda sınayıb. Əsasən Azərbaycan ədəbiyyatının ən çətin janrlarından dedektiv janra üstünlük verən yazar eyni zamanda hekayələrin, məişət mövzusunda əsərlərin, publisistik, elmi və tarixi məqalələrin, “Yasaq sevginin aqibəti”, ”Ulduz harayı”, “Sirli dünya”, ”Müəmmalı ölüm”, “Beşinci mərtəbənin sirri”, ”Acı tale” adlı kitabların müəllifidir. 

Mənalı və məhsuldar ömrünü vətən övladalarının təhsil və tərbiyəsinə həsr edən Dilşad xanım indi təqaüddədir. Pedaqoji fəaliyyəti dövründə dəfələrlə Təhsil Nazirliyi tərəfindən, sonrakı illərdə isə rayon rəhbərliyi və digər təşkilatlar tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fəmanlarla  təltif edilib. 

Sonra tədbirdə çıxış edən “Göy qurşağı” ədəbi məclisinin həmsədri, şair Xanəli Tolış, yazıçı və şairlərdən Sülhiyyə Tağızadə, Xodaşirin Cəbiyev, Rəna Əlisaqızı, Aliq Nağı, Camal Lələzoə, Qədiməli Eloğlu, Allahverdi Bayrami, Nazim Qərib, jurnalist-publisist Akif Ağayev, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, yazıçının qızı Könül Hüseynova, şagirdi, Qızılağac kənd kitabxanasının müdiri Sevda Abbasova bədii ədəbiyyatın insan həyatındakı rolundan, Dilşad Nüsrətqızı yaradıcılığının özünəməxsusluğundan söz açıb, əsərlərinə aid fikirlərini söyləyib, xatirələrini bölüşüblər.

Yazıçının əsərləri barədə mülahizələrini irəli çəkən həmkarları onun detektiv və digər mövzulu əsərlərində bədii çalarlardan məharətlə istifadə etdiyini vurğulayıb, yaradıcılığından nümunələr səsləndiriblər.

Bu kimi müəllif-oxucu görüşlərinin müsbət əhəmiyyətindən danışanlar Masallının nəcib və ziyalı qadınına cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.

Yazıçı-publisist D.Nüsrətqızı böyük məmnunluq duyduğu görüşün təşkilatçılarına, eləcə də qələm dostaları və bütün iştirakçılara minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb, illər öncə yazdığı şeirindən parçalar söyləyib