Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənin cəsur oğulları

18.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasında İkinci Qarabağ müharibəsi şəhidləri baş leytenant Sahib Şirəliyev və əsgər Vüsal Hadıyevin doğum günləri münasibətilə tədbir keçirilib.

Tədbirə ilk çıxış edən Ağahüseyn Hüseyni bildirib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də baş leytenant Sahib Yusif oğlu Şirəliyevdir.

Qeyd olunub ki, Sahib Şirəliyev 1998-ci il oktyabrın 18-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

İgid döyüşçü 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi Vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə fəxri fərman və diplomlarla mükafatlandırılıb.Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Sahib Yusif oğlu Şirəliyev ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Sonra kitabxananın əməkdaşı Şəmsurə Nəsirova şəhid Vüsal Hadiyevin həyat və döyüş yolu barədə məruzə edib.O, diqqətə şatdırıb ki, Vüsal Balarəzi oğlu Hadıyev 18 oktyabr 2000-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Vüsal körpə yaşlarındaykən ailəsi Masallı şəhərinə köçüb. Məktəb illərində idmanın cüdo növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunub.

2019-cu ilin oktyabr ayında Vüsal həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Hadıyev Vətən Müharibəsinin başlandığı ilk günlərdən etibarən döyüşlərdə iştirak edib, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. Vüsal Hadıyev 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə şəhid olub. 20 yaşlı şəhid əsgərin cənazəsi 22 oktyabr 2020-ci ildə Masallı şəhərinə gətirilib və şəhər məzarlığında dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra " Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.