07.08.2017
Masallıda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı rayonu Lürən kənd məscidi dini icmasının təşkilatçılığı keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, təhsil işçiləri, kənd ərazi icra nümayəndəsi, din xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildirib. Qeyd edib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr mövcuddur və bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə cəhd göstərirlər.
Masallı Rayon İcra Hakimiyyətinin Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əliyev çıxışında bildirib ki, dinin cəmiyyətdə yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi İslami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Lürən kənd məscidi dini icmasının sədri Balakərim Yaqubov dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan danışaraq, maarifləndirici tədbirin əhəmiyyətini yüksək dəyərləndirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.