Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə şəhid Valeh İbrahimovun xatirəsi anılıb

03.10.2023

Lerik şəhər 2 saylı tam orta məktəbində şəhid Valeh İbrahimovun 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mərkəzin direktoru  Hüsaməddin Abbasov şəhidin həyatı və döyüş yolu haqqında məlumat verərək  bildirib ki, Valeh İbrahimov 1973-cü il oktyabrın 4-də Lerik şəhərində anadan olmuşdur. Təhsil aldığı 2 saylı orta məktəbi bitirdikdən sonra 1991-ci ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Qarabağ cəbhəsinə yola salınmışdır. O, bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edərək qəhrəmanlıq göstərmişdir. Döyüşçü dostlarının dediyinə görə, Valeh ölümlə üz-üzə gəlməkdən heç vaxt qorxmaz, hər döyüşdə sərrast atəşləri ilə düşmənin çoxsaylı canlı qüvvəsini məhv edər, dostlarını qələbəyə ruhlandırarmış. Qəlbi Vətən sevgisi ilə döyünən Valeh İbrahimov 1994-cü il yanvarın 12-də düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, şəhidin təhsil aldığı Lerik şəhər 2 saylı tam orta məktəbin müəllimi Hacırza Quliyev, şəhidin sinif yoldaşları Natiq İsaqov və Həmid İmanov, şəhidin döyüş yoldaşı Veysəl Məlikov, Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının direktoru Tehran Höccətov çıxış edərək, hər bir şəhidimizin xatirəsinin xalqımız üçün əziz olduğunu,şəhidlərimizin qəhrəmanlığının, şücaətinin, fədakarlığının hər bir azərbaycanlı üçün daim bir örnək olacağını vurğulayıblar.

Şəhidin qardaşı Vaqif İbrahimov çıxışında şəhidin xatirəsinin yad edilməsinə görə ailə üzvləri adından minnətdarlığını bildirib.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edildikdən sonra şəhid Valeh İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin və intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.