14.09.2023
Masallı rayon Heydər Əliyev Mərkəzində 15 sentyabr “Bilik günü”nə həsr olunmuş “Təhsil uğurları parlaq gələcəyin təminatıdır”mövzusunda tədbir keçirilib.
Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev açıq elan edib.O.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlanması və həmin günün "Bilik Günü" kimi qeyd edilməsinin qərara alındığını vurğulayıb.Bildirib ki, Bilik Günü - Hər bir kəs üçün əlamətdardır. Bu gün insanların təhsil həyatında yeni-yeni uğurlar qazanmasına xəyallarının ardınca getməsinə zəmin yaradır. Təhsil yolunda inamla addımladıqda nəticələr hər zaman müsbət olur.
Tədbirdə çıxış edən Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova, Masallı Dövlət Regional Kollecinin əməkdaşı Elvira Sultanzadə və Masallı şəhər 2 saylı tam orta məktəbin müəllimi Elanora Babayeva Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq Ulu Öndərin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin əsas məsələlərdən biri olduğunu vurğulayıblar. Həmçinin onlar Prezident İlham Əliyevin təhsil sahəsinə verdiyi önəmdən, azərbaycanlı gənclərin dünyanın nüfuzlu təhsil müəssisələrində dövlət proqramları ilə təhsil almasından geniş söhbət açıb, dövlətimiz tərəfindən elmə və təhsilə daima yüksək diqqət və qayğı göstərildiyini xüsusi qeyd ediblər.
Tədbirin sonunda “Heydər Əliyev və təhsil” adlı film nümayiş etdirilib.