09.09.2023
Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin doğum günü ilə əlaqədar “Vətənin igid oğlu Niyaməddin Sultanzadə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə kitabxananın əməkdaşı Şəmsurə Nəsirova çıxış edərək müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü şəhidimizə Allahdan rəhmət diləyib, təsəllimizin şəhidlərimizin qisasının alınması, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, gənc nəsil şəhidlərimizin qanı-canı bahasına qazanılan Qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daim qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər.
Sonra kitabxananın əməkdaşı Rəşad İsmayılov şəhid Niyaməddin Sultanzadənin şərəfli həyat və döyüş yolu haqqında məruzə ilə çıxış edib.
Qeyd edək ki, Sultanzadə Niyaməddin Hüsaməddin oğlu 2020-ci ilin noyabrın 6-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Niyaməddin Sultanzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.