Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sənətkarlıqdan sosial sahibkarlığa” layihəsi Lənkəran şəhərində

01.09.2023

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə çərçivəsində dəyirmi masa və sərgi təşkil edilib.

Tədbirdə Lənkəran, Masallı, Lerik və Astaradan olan sənətkarlar, mədəni irs sahəsi üzrə ixtisaslaşmış sahibkarlar və mütəxəssislər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qonaqları salamlayaraq onları Lənkəranda görməkdən məmnun olduğunu bildirib və icra olunan layihənin cənub regionu üçün vacibliyini qeyd edərək, ölkənin bütün bölgələrində təşkil olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova çıxış edərək "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihənin məqsəd və vəzifələrindən bəhs edib. İctimai Birliyin sədri sözügedən layihənin sənətkarların peşəkar bacarıqlarının artırılmasına, sosial sahibkarlıq fəaliyyətinin təşkilinə, həmçinin milli məhsul brendlərimizin sayının artırılması və ixracına dəstək olmaqla yanaşı, cənub regionunun sənətkarlıq nümunələrinin tanıdılmasına, qədim sənət ənənələrinin dirçəldilməsinə və şəhərin mədəni həyatının inkişafına dəstək verəcəyini xüsusilə qeyd edib.

Sonra layihənin mentoru Arif Nəcimov sənətkarların sahibkarlıq fəaliyyəti və sosial sahibkarlıq haqqında ətraflı məlumat paylaşaraq, gələcəkdə sənətkarların daha çox cəmiyyətə və ətraf mühitin qorunmasında necə iştirak edə biləcəkləri barədə imkanlardan söhbət açıb.

Daha sonra “Leyla Xazari” Rəsm Qalereyasının təsisçisi və rəhbəri Leyla Xəzəri sənətkarların istehsal etdikləri məhsulların brendləşdirilməsinin əhəmiyyətindən və bunun yollarından danışaraq öz tövsiyələrini verib.

Tədbir çərçivəsində keçirilən dəyirmi masada iştirakçılar mövzu ətrafında maraqlı fikirlərini paylaşıb, layihənin işçi qrupu tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir cənub bölgəsini təmsil edən sənətkarların əl işlərindən ibarət sərgi ilə yekunlaşıb.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir və cari ilin iyul – sentyabr aylarını əhatə etməklə 2 regionda keçirilir. Növbəti tədbir Şəki şəhərində təşkil olunacaqdır. Layihənin sonunda Bakı şəhərində regionlardan olan sənətkarlar, ekspert və qonaqların iştirakı ilə “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı sərgi-konfrans tədbirinin təşkili nəzərdə tutulub.