13.06.2023
İyunun 13-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində S.Hacıyev adına Viləş kənd tam orta məktəbində növbəti tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi qaziləri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Nazilə Tahirova qonaqları salamlayaraq, qazilərlə görüşlərin keçirilməsinin gənclər və yeniyetmələrin vətənpərvərlik ruhunda böyüməsindəki təsirindən danışıb. Sonra iki şəhid anası Ziba Əsgərli övladları haqqında xatirələrini bölüşüb.
Muzeyin direktoru Əntiqə Tağıyeva, Qarabağ Müharibəsi Əlil, Veteranlar və Şəhid Ailələri ictimai birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov, məktəbin direktoru Ehtiram Abbasov çıxışlarında rayonumuzun şəhidləri və şagirdlərlə görüşə gələn qazilər haqqında geniş məlumat verərək belə tədbirlərin keçirilməsinin vacibliyindən söhbət açıblar.
Daha sonra Vətən müharibəsi iştirakçıları Cavid Nuri, Talıb Qəzənfərli keçdikləri şərəfli döyüş yolu haqqında danışmaqla şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Yekunda tədbir iştirakçıları Viləş kəndində şəhidlərin məzarların ziyarət ediblər.