Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

09.06.2023

İyunun 9-da Yardımlı Rayon İcra Hakimiyyətinin, YAP Yardımlı  rayon təşkilatının,  Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayon Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin, GİKM-nin, ATİAHİ-nın Yardımlı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Açıq havada keçirilən festivalda Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, mədəniyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar iştirak ediblər.    

Festivalı giriş sözü ilə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova açaraq bildirib ki,  dövlət uşaq siyasətinin tərkib hissəsini təşkil edən istedadlı uşaqların üzə çıxarılması, onların istedadlarının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmin uşaqların həvəsləndirilməsi, onlara dövlət qayğısının daim artırılmasının əsası Ulu Öndər tərəfindən qoyulub. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı və diqqəti sayəsində bu gün də respublikamızda xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi istiqamətində əməli işlər görülür, yeni layihələr həyata keçirilir.

Festivalda idman oyunları və rəsm əsərləri nümayiş olunub, həmçinin xüsusi bacarığı olan uşaqlar rəqs, şeir və mahnı ifa ediblər.

Yekunda festivalda fəal iştirak edən uşaqlara “Fəxri Fərman”lar təqdim olunub.

Qeyd edək ki, festivalın kçeirilməsində məqsəd istedadlı uşaqların inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.