Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Qəlbimizdə yaşayanlar” kitabının təqdimat mərasimi keçirilib

25.05.2023

Mayın 25-də Cəlilabad rayon Heydər Əliyev mərkəzində şairə Esmira Günəşin “Qəlbimizdə yaşayanlar” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Cəlilabad rayonundan, paytaxtdan və müxtəlif bölgələrdən olan şəhid ailələri, qazilər, Rayon İcra Hakimiyyətinin, Cəlilabad şəhər İcra nümayəndəliyinin əməkdaşları, yerli yazarlardan Meyxoş Abdullah, Rəsmiyə Fərzəliyeva, Ruhiyyə Abbaszadə, rayon ziyalıları, ADPU-nin Cəlilabad filialının, Cəlilabad rayon Tibb Kollecinin kollektivi, şəhid Rəşad Abdullayev adına 2 saylı, Cəlilabad şəhər 3 saylı tam orta məktəblərinin müəllim və şagirdləri, həmçinin mədəniyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şairə Esmirə Günəş təqdim olunan kitab haqqında məlumat verib. O, qeyd ki, kitabın ərsəyə gətirilməsində məqsəd şəhidlərimizi tanıtmaq və unutdurmamaqdır. Daha sonra şairə tədbirin hazırlanmasına görə Masallı Regional Mədəniyyət İdarəsinə, Rayon İcra Hakimiyyətinə, Cəlilabad rayon Mərkəzi Kitabxanasının kollektivinə, şəhid Füzuli Həbinin valideyinlərinə minnətdarlığını bildirib.

Vətənpərvərlik ruhunda şeirlərin səsləndirilməsi ilə davam edən tədbirin yekununda şairə Esmira Günəş rayon Gənclər İdman İdarəsi tərəfindən “Fəxri Fərmanla” təltif olunub. Həmçinin tədbirdə fəal iştirak edən məktəblilər Cəlilabad şəhər İcra nümayəndəliyi tərəfindən hədiyyə ilə mükafatlandırlıb.