Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şanlı qələbəmizin əsas müjdəçisi

04.04.2023

Aprelin 4-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunmuş "Şanlı qələbəmizin əsas müjdəçisi" mövzusunda tədbir keçirilib.

Cəlilabad rayon Mirlətif Ağayev adına MMC Təbib tibb kursu tələbələrinin, şəhid Rəşad Abdullayev adına 2 saylı tam orta məktəb şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi müdiri Fizuli Cəfərov, şəhid atası Habil Hüsyenov, Vətən müharibəsi qaziləri Vüsal Muradzadə və Tural Məmmədov, AYB-nin üzvü Meyxoş Abdullah, ADPU Cəlilabad filialının tarix müəllimi Ələsgər Mirzəzadə, Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş əzmindən, xalq-ordu birliyindən danışıblar. Bildiriblər ki, Aprel döyüşlərində ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci bəxş edib.

Diqqətə çatdırılıb ki, Aprel döyüşləri 2020-ci ildəki 44 günlük müharibədə qazanılan şanlı Zəfərin başlanğıcı idi. Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırdı.

Sonda tələbə və şagirdlərin ifasında şeir kompozisiyası təqdim edilib.