Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləri-böyük zəfərin başlanğıcı

03.04.2023

Aprelin 3-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun Güllütəpə kənd tam orta məktəbində Aprel döyüşlərinin ildönümünə həsr edilmiş tədbir keçirilib. 

 Tədbirdə şəhid anası Sehranə İbrahimova, Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbiri açıq elan edərək vurğulayıb ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. D. İbayeva Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd edib. 

Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə və məktəbin direktor müavini Rövşən Muxtarov Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğunu bildiriblər. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Çıxış edənlər onu da qeyd ediblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.

Tədbirdə Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğlu Firdovsi Bağırzadənin anası oğlunun döyüşlərdə göstərdiyi şücaətdən və onunla olan son görüşlərindən danışıb.

Yekunda tədbir iştirakçıları Aprel döyüşlərinin Masallıdan olan şəhidləri Nurlan Əsgərli və Firdovsi Bağırzadəyə həsr olunan sənədli filmə baxıblar.

Filmdə hər iki Şəhidimizin yaxınları qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və ordumuzun cəbhədəki uğurlarından danışıblar.