Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.

08.11.2022

Noyabrın 8-də Masallı rayonunda 8 noyabr-Zəfər Günü möhtəşəm konsert proqramı ilə qeyd olunub.

Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanan tədbir Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, millət vəkilləri Məşhur Məmmədov, professor Anar İsgəndərov, Musa Qasımlı, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon rəsmiləri, Azərbayacan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, İqtisadiyyat elmləri doktoru Rəsmiyyə Sabir, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu,  mədəniyyət işçiləri, KİV nümayəndələri  habelə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, qazilər iştirak edib.

Əvvəlcə  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra söz musiqiyə verilib. Tədbirin aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin müəllimi, musiqişünas Nərgiz Kərimova incəsənət ustalarını səhnəyə dəvət edib.

Əməkdar artist Səidə Şərifəliyeva, "Avrovision-2012" müsabiqəsinin Azərbaycandakı seçim turunun finalçısı Adil Baxışlı, gənc müğənni və bəstəkar Ruhulla Baxış, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahidov, Miriş Hüseynov, Şamo İbayev, Humay Rzayeva, Halay Xalq Folklor Kollektivi, Masallı rəqs qrupunun iştiak etdiyi konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə vətənpərvərlik mövzusunda mahnıların müəllifi Şahin Musaoğlu və şair Rəsmiyyə Sabir çıxış edərək Zəfər Günü haqqında fikirlərini ifadə ediblər.

Yekunda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov bildirib ki, hörmətli və əziz şəhid valideyinləri, millət vəkilləri, tədbir iştirakçıları min illik tariximizin ən şərəfli səhifələrindən biri olan Zəfər bayramı münasibətilə hammınızı səmimi qəlbdən təbrik edirəm. Bu gün bu zəfəri bizə yaşadan xatirələrinə böyük ehtiram duyduğumuz şəhidləri rəhmətlə anırıq, qazilərimizə allahdan şəfa diləyirik, Ali Baş Komandanımıza can sağlığı, Ordumuza rəşadət, millətimizə, dövlətimizə firavanlıq və xoş gələcək arzulayırıq.  Natiq tədbirin təşkilinə görə Masallı Regional Mədəniyyət idarəsinin rəhbərliyinə və kollektivinə təşəkkür edib, çıxışını “Yaşasın Azərbaycan!, Qəhrəmanlara eşq olsun!” şüarı ilə bitirib.

Sonra rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Şahin Musaoğlu, Rəsmiyyə Sabir və Adil Baxılı Masallı rayon İcra hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif olunub.