Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vaqif Yusifli-70

25.06.2018

İyunun 25-də Masallı şəhər Heydər Əliyev Mərkəzində tanınmış tənqidçi və ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi, həmyerlimiz Vaqif Yusiflinin 70 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində istedadlı alimin əsərlərindən ibarət sərgiyə baxıldı.
Tədbiri giriş sözü ilə açan dövlət qulluğu veteranı, III dərəcəli "Vətənə xidmətə görə" ordenli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev tənqidçi V.Yusiflinin həyat və yaradıcılığından danışdı. Dedi ki, Vaqif Əziz oğlu Yusifov 1948-ci ildə Ərkivan kəndində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. 1968-ci ildən dövri mətbuatda çıxış edir. 1979-cu ildə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. “Azərbaycan” jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini işləyir.
1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi vardır. Məqalələri Azərbaycanın hüdudlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunmuşdur.
Vaqif müəllim “Nəsr, konfliktlər, xarakterlər”, "Məmməd Araz dünyası", "Yolun düşsə Şirvana", "Ürəyimi sərdim günəşə", "Tənqid yarpaqları (məqalələr)", "Karvanbaşı, yolun hayanadır" , "Yollar hayana aparır", "Bu nə sehirdir belə", "Tənqid və bədii söz", "Tənqid də yaradıcılıqdır", "Yolayrıcı", "Fikrət Qoca-70 il", "Yaxşı ki sən varsan", "Sındır qəfəsi…", "İşıqaxtaran", "Poeziyanın yolları və illəri-1960-2000-ci illər", "Teatr - məhəbbətim mənim", "Rəsul Rza və müasir Azərbaycan poeziyası", "Şeirimizin Nərimanı", "Poeziya və zaman", "Adil Cəmilin sənət yolu" və "Ağacəfər Həsənli. Bu dünyanın şairi" kitablarının müəllifidir. Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi mükafatı laureatıdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirdi ki, nüfuzlu ziyalı və tanınmış tənqidçi Vaqif Yusiflinin ömür yolu gənclərimiz üçün əsl örnəkdir. O, ləyaqətli alim ömrü yaşayıb.
Milli Məclisin üzvləri - akademik Nizami Cəfərov, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Elmira Axundova, proressor Qəzənfər Paşayev, Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Dilşad Kərimova, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Ərkivan qəsəbə ərazi nümayəndəsi İsrail Tağıyev, şərqşünas alim İmanverdi Həmidov, professor Şirindil Alışanlı, Prezident təqaüdçüsü Şirvan Əbilov, professor Rüstəm Kamal, yubilyarın oğlu Vidadi Yusifli və başqaları Vaqif Yusiflinin ədəbi uğurlarından danışaraq onun müasir Azərbaycan ədəbi tənqidinə gətirdiyi yeniliklərdən bəhs etdilər, yubilyarı gözəl və humanist insan, qayğıkeş ailə başçısı kimi dəyərləndirdilər.
Yubiley tədbirində tənqidçi və ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifliyə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.
V.Yusifli ona göstərilən qayğıya görə ölkə Prezidentinə, rayon rəhbərinə minnətdarlıq bildirdi.
Sonda xatirə şəkli çəkildi.