Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nurlu əllərə malik unudulmaz şəxsiyyət - Zərifə Əliyeva

28.04.2022

Aprelin 28-də Masallı şəhər 3 saylı uşaq bağçasında görkəmli alim, dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib. 

Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşlarının təşkilatçılığı ilə keçirilən tədbirdə ilk çıxış etmiş Lətafət Əlirzayeva Z. Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar haqqında ətraflı məlumat verərək, onun qazandığı nailiyyətlər və yaratdığı fundamental əsərlərlə Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. 
   
Sonra Kitabxananın digər əməkdaşı Gülər Piriyeva bildirib ki, görkəmli oftalmoloq Z.Əliyevanın fəaliyyəti geniş və zəngindir. Vurğulayıb ki, bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, intellektinin kamilliyindən və şəxsiyyət ucalığından qidalanıb. Görkəmli alimin böyük uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişaf yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri durub. O dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı və traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Xalqımızı bu müdhiş bəladan xilas etmək, Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və proflaktik tədbirləri işləyib hazırlamaq tələb olunurdu.