Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərə həsr olunmuş növbəti tədbir keçirilib

27.04.2022

Aprelin 27-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” ictimai birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə ”Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Masallı rayon filialının (Q MƏVŞAİB) sədri Nahid Rəhimov, şəhid ailələri, qazilər, Masallı şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva tədbiri giriş sözü ilə açaraq Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlərin fədakarlığından, Azərbaycan xalqının mübarizə əzmindən danışaraq, əldə olunan uğurları dövlət - xalq birliyinin təzahürü kimi xarakterizə edib. Ə.Tağıyeva aprel ayında doğulmuş şəhidlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını bildirib.

Sonra müharibə veteranı Nahid Rəhimov çıxışında həm veteran, həm də şəhid qardaşı olaraq bu gün qəlbən rahatlıq tapdığını, qazandığımız Qələbənin əbədi olacağına inandığını xüsusi vurğulayıb.

“Ümidim sənsən” ictimai birliyinin nümayəndəsi Fidan Abbaslı çıxışında çətin bir dönəmdən keçdiyimizi deyib. O, şəhidlərin gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət simvolu olduqlarını qeyd edib.

Daha sonra Qalereyanın direktoru vəzifələrini icra edən Təhmasib Məcidov çıxışında deyib: "Torpaq uğrunda canını fəda etmiş Vətən övladları ölmür, ölümü ilə əbədilik qazanıb, şəhidlik zirvəsinə ucalır. Biz hamımız şəhidlərin əziz xatirəsini yaşatmağı özümüzə borc hesab etməliyik". 

Sonra şəhid ailələrinə Muzeyin "Təşəkkürnamə"ləri təqdim olunub. 

Sonda qonaqlar Muzeydə yaradılmış şəhid guşəsi ilə tanış olublar.