Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir şəhid, bir şahid” tamaşası Yardımlıda təqdim edilib

26.04.2022

Aprelin 26-da Yardımlı rayon Mədəniyyət Mərkəzində şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarına ithaf olunmuş tamaşa təqdim edilib. “Bir şəhid, bir şahid” adlı səhnə əsəri Masallı və Cəlilabad Xalq teatrlarının sənət ustaları, Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət həvəskar aktyorlarının iştirakı ilə oynanılıb. Yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında quruluş verilmiş tamaşanın təqdimatında rəsmilər, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatından keçmiş digər həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda şəhid qardaşların həyatı və Vətən uğrundakı xidmətlərindən ehtiram hissi ilə bəhs olunub. Eyni zamanda, tamaşanın süjeti və hadisələrin xarakteri barədə söz açılıb. 

Tamaşanın məzmununu düşmənin xalqımıza qarşı törətdiyi amansız cinayətlər, həmçinin ordumuzun Aprel döyüşləri və Vətən müharibəsindəki qisas əməliyyatları – Zəfər yürüşü təşkil edir. Bu fonda şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının obrazları yaradılaraq, onların Vətən sevgisi və döyüş şücaətləri təsirli aktyor ifaları ilə əks etdirilib. Tamaşada eyni zamanda, vətənpərvərlik və qələbə ruhlu şeir kompozisiyaları səsləndirilib.

Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev tərəfindən quruluş verilmiş səhnə əsəri tamaşaçı auditoriyası tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Xatırladaq ki, Masallıda baş tutmuş premyeradan sonra tamaşa bu yaxınlarda Cəlilabad rayonunda yerli teatrsevərlər üçün də nümayiş olunub.