Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər zəfər salnaməsinin unudulmaz qəhrəmanıdır

21.04.2022

Aprelin 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Ermənistanın növbəti təxribatına cavab olan Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Nurlan Əsgərlinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən Kitabxana direktoru Əlhəddin Nəzərov Azərbaycanın şanlı tarixinə çevrilən Vətən müharibəsi haqqında danışaraq, bu müharibədə qəhrəman oğullarımızın qazandıqları böyük zəfərdən söz açıb. O, bildirib ki, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmuş mərd oğullarımız döyüş meydanında çox böyük qəhrəmanlıq və şücaət göstərərək, şəhidlik zirvəsinə ucalıblar. Xalqımız daim belə mərd övladları ilə fəxr edir və qürur hissi duyur.
  
Sonra Kitabxana əməkdaşı Aygül Mirzəzadə məruzə ilə çıxış edərək, Nurlan Əsgərlinin döyüş yolu haqqında ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, tariximizə Aprel döyüşləri adı ilə yazılmış hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə vuruşub. Bu döyüşlər zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Belə döyüşlərdən biri 2016-cı il aprelin 4-də Talış kəndi istiqamətində gedən savaşda Nurlan Əsgərli növbəti tapşırığın yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Onun nəşini döyüş meydanından çiyin-çiyinə vuruşduğu, sonradan özü də Vətən müharibəsində şəhid olmuş doğma qardaşı İntiqam Əsgərli çıxarıb. Nurlan Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Doğulub boya-başa çatdığı Masallı rayonunun Viləş kəndinin mərkəzi küçələrindən biri onun adını daşıyır.