Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar dəyirmi masa

21.04.2022

Aprelin 21-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Yardımlı rayon Peşə Məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə "23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü" mövzusunda dəyirmi masa təşkil olunub. 

Əvvəlcə, torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İlk olaraq, Kitabxana direktoru Rahim Səfərov mövzu barədə geniş məruzə ilə çıxış edib. R.Səfərov bildirib ki, kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir. Əfsanələr, əsatirlər, rəvayətlər, qəhrəmanlıq dastanları, əmək mahnıları əvvəllər şifahi formada olub, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatıb. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir. Kitabın insan həyatına daxil olması, kitabların çoxalması həm də müəlliflik hüququnun yaranması zərurətini meydana gətirmişdir. Orta əsrlərdə Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasını yaradıblar. YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. 

Sonra adı qeyd olunan təhsil müəssisəsinin direktoru Qabil Ağayev mövzu ilə bağlı fikirlərini ifadə edib. Daha sonra kitabxananın şöbə müdiri Vahid Kərimov isə öz çıxışında ümummilli liderin fikirlərindən sitat gətirib: "Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”. O, sonra qeyd edib ki, ulu öndərin qayğısı ilə Azərbaycanda mətbəə və nəşriyyatlar yenidən qurulmuş, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşmış, yaradıcı insanlara qayğı və diqqət artırılmış, kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır. 

Sonda isə kitabxananın şöbə müdiri Gündüz Manafov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ”Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, ”Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, ”Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamları bu sahə üzrə sistemli tədbirlərin həyata keçirilməsinə səbəb olub.