Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məmməd Rahim - 115!

21.04.2022

Aprelin 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Məmməd Rahimin anadan olmasının 115 illiyi ilə əlaqədar tədbir keçirilib. 

Tədbirdə çıxış edən Kitabxana direktoru Əlhəddin Nəzərov şairin həyat və yaradıcılığı haqqında məlumat verərək, onun ilk şeirini orta məktəb illərində yazdığını bildirib. O, diqqətə çatdırıb ki, şairin "Gördüm" adlı ilk şeiri 1926-cı ildə "Gənc işçi" qəzetində, sonra isə "Gənc qızıl qələmlər" məcmuəsində dərc olunub. 
   
Sonra məruzə ilə çıxış edən Kitabxana əməkdaşı Bilqeyis Məmmədova şairin 1930-cu ildə "Arzular" adlı ilk şeirlər kitabının işıq üzü gördüyünü vurğulayıb. O, bildirib ki, görkəmli şair müxtəlif illərdə bir neçə əsərini çap etdirərək oxucuların ixtiyarına verib. Ötən əsrin 60-70-ci illəri M.Rahimin yaradıcılığında daha məhsuldar dövr adlandırmaq olar. Həmin illərdə bir neçə poema və yüzlərlə şeir yazmış, ondan çox kitabını çap etdirmişdir. Qeyd olunub ki, şairin bir çox əsərləri başqa xalqların dillərinə tərcümə olunmuşdur. "Leninqrad göylərində" poeması şairə ümumittifaq şöhrəti qazandırmışdır. 1948-ci ildə çap olunmuş poema Azərbaycan ədəbiyyatında xüsusi yer tutan əsərlərdəndir. Unudulmaz şairin yaradıcılığı yüksək qiymətləndirilərək  "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarına layiq görülmüşdür. O, digər orden və medallarla təltif olunmuşdur.