Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ramazan ayı münasibətilə şəhid ailələri ziyarət olunub

19.04.2022

Aprelin 19-da Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsi maddi dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər ziyarət olunub. 

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, sözügedən yerli həmkarlar komitəsinin sədri Vəkil İsmailov, İdarə Aparatının əməkdaşları və tabe müəssisə rəhbərlərinin iştirakı ilə keçən görüşlərdə rayonun Qızılağac kəndində şəhid Əlisa Arif oğlu Əliyev və şəhid Cavad Gülverdi oğlu Babayevin ailələrinə baş çəkilib. Mədəniyyət rəsmiləri sonra Xoşçobanlı kəndində şəhid Məmmədağa Həsənağa oğlu Bağırov və şəhid Musa Əlövsət oğlu Mustafayev, Şərəfə kəndində şəhid Ramazan Hilal oğlu Vəliyevin ailələrinin qonağı olublar. 

Görüşlər zamanı şəhidlərin həyat yolundan bəhs olunub, Vətən qarşısındakı xidmətləri hörmət hissi ilə xatırlanıb. Sonra mənzillərdə yaradılmış xatirə guşələrinə baxış keçirilərək şəhid ruhları yad olunub. 

Ziyarətlər əsnasında yerli həmkarlar komitəsi tərəfindən ailələrə Ramazan sovqatları təqdim edilib.