Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi dahilər” - Yardımlıda dəyirmi masa

13.04.2022

Aprelin 13-də Yardımlı rayon Mərkəzi Kitabxanasında “Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi dahilər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə M.F.Axundov adına Yardımlı şəhər 1 nömrəli orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə, vətənin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Kitabxananın şöbə müdiri Vahid Kərimov çıxış edərək bildirib ki, ”Şuşa İli” ilə əlaqədar Tədbirlər Planında “Şuşanın Azərbaycan Mədəniyyətinə bəxş etdiyi dahilər” mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulub və bu gün keçirilən tədbir bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Kitabxananın digər şöbə müdiri Gündüz Manafov Şuşanın Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlər haqqında məlumat verib. O, bildirib: "XVIII əsrin ikinci yarısında Şuşa musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yükşəlisinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Şeyid Şuşinski, Xan Şuşinski və bir çoxları Şuşanın yetişdirdiyi məşhur sənətkarlardandır. Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Şuşanın dünya şöhrətli yetirmələrindəndir. O, Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı, tarixdə istedadlı jurnalist, görkəmli dramaturq, pedaqoq, musiqişünas kimi də ad qazanıb. Bir çox görkəmli bəstəkarlar Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Süleyman Ələsgərov və başqaları Şuşanın yetirmələridir. Mədəniyyətin, incəsənətin, musiqinin inkişafı Şuşaya “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Şərqin konservatoriyası” adlarını qazandırmışdır".
    
Şəhər 1 saylı məktəbin müəllimi Ramin Qasımov bildirib ki, Şuşa təkcə incəsənətimizə yox, ədəbiyyatımıza da böyük şəxsiyyətlər bəxş etmişdir. Bunlardan Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Mövsüm Nəvvab və digərlərini göstərmək olar. Molla Pənah Vaqif şair olmaqla yanaşı, eyni zamanda dövlət xadimi kimi Qarabağ xanlığında mühüm işlərdə çalışmışdır. 

Şagirdlərdən Firuzə Həsənli çıxış edərək ümumilli lider Heydər Əliyevin 70-80-ci illərdə Şuşada böyük quruculuq işləri aparması, dahi şəxsiyyətlərin məqbərə, büst və abidələrini ucaltması barədə və Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyəti haqqında fikir bildirib.

Şagirdlərdən Sadiq Mirzəyev qeyd edib ki, 8 may 1992-ci ildə ermənilər Şuşanı işğal edərək böyük dağıntılar törətmiş, tarixi-mədəni abidələr dağıdılmışdır. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şuşanı işğaldan azad etdi. Şuşa  yenidən bərpa olunaraq Azərbaycanın inkişaf etmiş regionlarından birinə çeviriləcək. 

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.