Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Beynəlxalq Mədəniyyət Günü konsert proqramı ilə qeyd olunub

15.04.2022

Aprelin 15-də N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 15 Aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə konsert proqramı keçirilib. Konsert tədbirində mədəniyyət işçiləri iştirak edib.

Konsertdən öncə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov təbrik nitqi ilə çıxış edərək mədəniyyət işçilərinə qarşıdakı fəaliyyətlərdə uğur arzulayıb. İdarə rəisi eyni zamanda, mədəniyyət sahəsində son illərdə aparılan islahatlar, eləcə də mütərəqqi və yeni idarəçilik konseptinə əsaslanan layihə yönlü idarəetmənin mahiyyəti haqda söhbət açıb.

Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin sədri Vəkil İsmailov son dövrlər ərzində müvafiq sahədə həyata keçirilmiş tədbirlər, o cümlədən mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva əlamətdar günlə əlaqədar geniş məruzə ilə çıxış edib. O, Beynəlxalq Mədəniyyət Gününün təsis olunması, müvafiq beynəlxalq təşkilatların fəaliyyəti, həmçinin ölkə mədəniyyətinin tarixi inkişaf yolu, bu günü və gələcək perspektivləri barədə fikirlərini auditoriyanın diqqətinə çatdırıb.

Daha sonra rayon Mədəniyyət Mərkəzinin istedadlı sənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsertdə Mərkəzin solistlərindən Miriş Hüseynov, Atamoğlan Zahid, Ruslan Zahidov və başqaları zövqlü musiqilər ifa ediblər. Vokal musiqi ifaları Mərkəzin instrumental musiqiçiləri tərəfindən müşayiət olunub.