Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyi Aprel döyüşlərinin ildönümünə həsr edilmiş tədbir keçirib

02.04.2022

2 Aprel tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş “Böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib. Tədbirdə Aprel döyüşlərinin iştirakçıları, şəhidlərin doğmaları, Masallı Regional “ASAN xidmət” mərkəzinin nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.

İlk olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva Aprel döyüşlərinin Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan, Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm mərhələ olduğunu deyib. O, altı il əvvəl Lələ təpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə də dalğalandırılmasından qürur hissi ilə bəhs edib.

Sonra "ASAN xidmət"in nümayəndəsi Sevinc Əliyeva 2016-cı ildə Aprel döyüşləri adı ilə Azərbaycan tarixinə düşən dörd günlük müharibənin başlanma səbəb və nəticələri haqqında geniş məruzə ilə çıxış edib. 

Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin anası Sehranə İbrahimova vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qurur duyduqlarını, onların gənclər üçün parlaq vətənpərvərlik nümunəsi yaratdıqlarını bildirib. S.İbrahimova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirərək şəhid ailələrinin müntəzəm ziyarət edilməsi və onlara daim mənəvi dəstəyin göstərilməsindən məmnunluqla bəhs edib.

Daha sonra Aprel döyüşünün şahidləri Ceyhun Sabirli və Seymur Qardaşov çıxış edərək şahidi olduqları döyüş anlarından, cəbhə xatirələrindən söz açıblar.

Qonaqlar tədbirin sonunda ekspozisiya zalında yaradılmış şəhid əşyalarından ibarət guşə ilə tanış olublar.