Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda Mart soyqırımı qurbanları yad edilib

31.03.2022

Martın 31-də Yardımlı rayon mədəniyyət işçiləri 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə Yardımlı şəhərinin mərkəzində ucaldılmış memorial abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra tədbir Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Yardımlı rayon Mərkəzi Kitabxanasında davam etdirilib. 

Öncə, soyqrımı qurbanları və şəhidlər yad edilib. 

"31 Mart soyqırımı bəşəri cinayətdir" adlı dəyirmi masada çıxış edən Kitabxananın direktoru Rahim Səfərov tədbirin mahiyyəti barədə iştirakçılara məlumatlar verib. O, bildirib ki, belə tədbirləri təşkil etməkdə əsas məqsəd bu qanlı cinayəti unutdurmamaq və tarixi həqiqətləri gənclərə aşılamaqdır.

Sonra Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev çıxış edib. O, 31 Mart hadisələrini təhlil edərək, ermənilərin xalqımıza qarşı yönəlmiş qanlı əməllərinin səbəblərini və tarixi köklərini izah edib. Ayaz Əliyev həmçinin, hadisələrin beynəlxalq aləmdə tanıdılması işində mədəniyyət işçilərinin üzərinə düşən vəzifələri ətraflı şərh edib.

Daha sonra Kitabxananın şöbə müdiri Gündüz Manafov 31 Mart qırğınları və hadisələrin miqyası haqqında statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb.

Sonda dəyirmi masa iştirakçıları Kitabxanada təşkil olunmuş "Bəşəri cinayət" adlı fotostendlə tanış olublar.